Evə basqın edən tanınmış idmançıya hökm oxundu

Tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən E.Muxtarov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihamda deyilir ki, E. Muxtarov ötən il münasibətdə olduğu qadının evinə basqın edib. O, həmin vaxt qadının əri M. Məmmədova bıçaqla xəsarət yetirib, evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. 

Daha sonra məlum olub ki, zərərçəkmişin arvadı məhkəməyə ərinin əleyhinə ifadə vermək üçün ərizə təqdim edib. Belə ki, o, istintaqa verdiyi ifadəsinin təhrif olunduğunu və əri ilə üzləşmək istədiyini bildirib. O, güləşçi Elman Muxtarovun mövqeyini müdafiə edərək hadisə vaxtı güləşçidə bıçaq olmadığını və onların evinə gələn zaman pul tələb etmədiyini bildirib.

E.Muxtarova qarşı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 128-ci ( qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ