Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində beşinci oyununu keçirib.
Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Tallində Estoniyanın qonağı olub.
“A. Le Koq Arena”da oynanılan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə bitib.
Matçda hesab 9-cu dəqiqədə açılıb. Elvin Cəfərquliyevin sol cinahdan ötürdüyü topu Toral Bayramov başla tora göndərib. 45+4-cü dəqiqədə fərq iki topa çatıb. Bu dəfə Ramil Şeydayev qazanılan penaltini dəqiq yerinə yetirib.
Qarşılaşmanın ikinci hissəsində komandaların cəhdləri bir nəticə verməyib və millimiz seçmə mərhələdə ilk qalibiyyətini əldə edib. Bununla F qrupunda yer alan Azərbaycan yığması xallarının sayını 4-ə yüksəldib. Sonuncu pillədəki Estoniya isə 1 xalda qalıb.
Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanı qəbul edəcək.