Şəfəq Hüseynliyə yüksək vəzifə verildi - FOTO

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa Şurasının İşçi qrupunun sədr müavini seçilib.

AMADA-dan Buta.media-ya verilən məlumata görə, o, bundan sonra Avropa Şurasının “İnsan hüquqları və idmançılar” üzrə xüsusi İşçi qrupunun sədr müavini vəzifəsində də işləyəcək.

Bu qərar Rumıniyanın paytaxtı Buxarestdə 7-8 may tarixlərində keçirilən Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq qrupunun 50-ci iclasında qəbul edilib.

“İnsan hüquqları və idmançılar” qrupunun tərkibinə sədr, sədr müavini və səkkiz ölkələrin nümayəndələrindən ibarət üzvlər daxildir. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər Avropa Şurası təşkilatlarının nümayəndələri də daxil ediləcək. Əlavə olaraq, Avropa İttifaqı, YUNESKO və WADA qurumları müşahidəçi qismində öz nümayəndələrini təyin edəcək.

Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının effektiv təmin edilməsi, onların ədalət mühakiməsinə maneəsiz çıxışı, insan hüquqlarının idmanda dopinqə qarşı mübarizədə qorunması və bu sahədə digər sənədlərin və təkliflərin hazırlanmasıdır.

Həmçinin Ş.Hüseynli 6-7 may tarixlərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 46-cı iclasında da iştirak edib. Bu görüşdə müzakirə edilən əsas məsələlərdən biri mayın 14-də Monreal şəhərində keçiriləcək WADA-nın növbəti prezident seçkisinə hazırlıq olub. 

Qeyd edək ki, Avropa Şurasının Antidopinq Konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ