“Neftçi” ilə braziliyalı futbolçunu komandadan qovdu

“Neftçi”nin 2024-cü ilin yanvarınadək icarə müqaviləsi olan futbolçusu Mateus Saldanya son günlərdə klub rəhbərliyinə Serbiyanın “Partizan” klubundan maliyyə cəhətdən çox yaxşı təklifin olduğunu bildirib.

Bu barədə klubun rəsmi saytı bəyanat yayıb. Bəyanatda Saldanyanın gedişinə aydınlıq gətirilib:

“Son müsahibələrində “Neftçi” ilə müqaviləsinin olduğunu və sonadək komandada qalacağını bildirən futbolçu bu təklifdən sonra klub rəhbərliyindən getməsi üçün icazə istəyib. Lakin klub rəhbərliyi indiki vəziyyətdə, yəni mövsümün əvvəlində, UEFA Avropa Konfrans Liqasının oyunlarına bir neçə gün qalmış onu komandadan buraxmaq istəmədiyini dəfələrlə onun nəzərinə çatdırıb. Bütün bu xəbərdarlıqlara baxmayaraq, Mateus Saldanya son günlərdə müxtəlif səbəblərlə komanda ilə birlikdə məşqlərdə iştirak etməkdən yayınıb, iyulun 24-də keçirilən məşqdə isə icazə almadan iştirak etməyib. 

Rəhbərlik futbolçunun bu cür hərəkətləri ilə əlaqədar həm onu, həm də menecerini rəsmi qaydada məlumatlandırıb. Bildirilib ki, “Neftçi” kimliyindən asılı olmayaraq maddiyəti hər şeydən üstün tutan, onun rənglərinə bağlı olmayan, forma üçün mübarizə aparmağa hazır olmayan heç bir kəsi heyətində məcburi saxlamaz. Buna görə də braziliyalı futbolçunun komandadan xaric olunması haqqında qərar verilib. 

Qeyd etməliyik ki, proses dövründə “Partizan” klubu yazılmış və yazılmamış qaydalar çərçivəsində davranıb. Dostluq münasibətlərimiz olan Belqrad təmsilçisinə heç bir iradımız yoxdur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ