AVRO-2024: Azərbaycan millisi Estoniya ilə heç-heçə edib

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Canni De Byazinin kollektivi tsikldə ilk ev matçına çıxıb.

Yığma özü kimi, seçmə mərhələdə hələ də xal qazana bilməyən Estoniya seçməsini qəbul edib. “Dalğa Arena”da baş tutan qarşılaşmanın birinci hissəsi qonaqların üstünlüyü şəraitində keçib. Nəticədə 27-ci dəqiqədə Rauno Sappinen hesabı açıb.

Fasilədən sonra heyətdə edilən əvəzləmələrlə ikinci hissəyə daha sürətli başlayan Azərbaycan millisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib. Künc zərbəsindən ötürməni Anton Krivotsyuk başla qola çevirib.

Komandaların qalan dəqiqələrdəki cəhdləri bir nəticə verməyib və oyun 1:1 hesabı ilə başa çatıb. Beləliklə, hər iki yığma seçmə mərhələdə ilk xalını qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki oyununda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub. Yığma növbəti matçını sentyabrın 9-da evdə Belçika seçməsinə qarşı keçirəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ