Bakıda "Formula-1" əhvalatları: daha ucuz bar, gen-bol alkoqol, paddokda pişik...

“Formula 1”də iştirak edən “Alfa Romeo” komandasının pilotu Antonio Covinazzi və yarışlarda akkreditasiya olunmuş 70-ə yaxın qonaq Bakıya gəldikdən sonra baqajsız qalıbar. 

Buta.media Virtualaz.org-a istinadən xəbər verir ki, onların hamısı Bakıya Moskvadan “Aeroflot” aviaşirkətinin təyyarələrində gəliblər.

“Bakıya Avropadan birbaşa reyslər azdır, olanlar da çox vaxt “Formula 1” komandaları və media üçün o qədər də rahat deyil. Bu səbəbdən də, bir çoxları Azərbaycandakı yarışa Qətər, İstanbul, Tbilisi, yaxud Moskva vasitəsilə gəlirlər, - mənbə yazır. – Lakin belə görünür ki, gələn il Moskvadan keçməklə gələnlərin sayı azalacaq. Bakıya yarış iştirakçılarının, jurnalistlərin və fotoqrafların gəldikləri bir neçə gün ərzində Rusiya aviaşirkəti təxminən 70 nəfərin yükünü itirib.

Əsas problemlər Bakıya gecə reysləri zamanı yaranıb. Şeremetyevo hava limanında Bakıya uçan təyyarələrə minənlərin yükləri elə Moskvada da qalıb. Zərərçəkmişlərin arasında pilot Antonio Covinazzi də olub, lakin bu halda “Aeroflot”u başa düşmək də olar: Nitsadan gəlmiş təyyarədən Bakıya uçan təyyarəyə yüklərin boşaldılması üçün cəmi yarım saat vaxt olub – belə şəraitdə istənilən aviaşirkət yükü itirə bilər. Özü də pilotun yükü elə həmin gün onun özünə çatdırılıb. Bu səbəbdən də, Covi elə də incik düşməyib.

Digərlərinin bəxti daha az gətirib. Bakıya hələ şənbə günü – yarışlara bir həftə qalmış çatan “Haas”ın üç əməkdaşının yükləri onlara çərşənbə günü təhvil verilib.  Bir çox jurnalistlər yüklərinin dalınca təsnifat mərhələsinə bir gün qalmış gecə vaxtı müstəqil olaraq hava limanına gediblər və hətta “SkyTeam”in qızıl kartları belə onlara bu prosesi sürətləndirməyə imkan yaratmayıb.

Son nəticədə, hamının yükü özünə qaytarılıb. Lakin yaranmış narahatlıq unudulmayıb”.

Nəşr “Formula 1” həvəskarlarının diqqətindən yayına biləcək başqa məqamlara da toxunub. Məsələn, Bakıdakı paddokda özünə yer etmiş və az qala xaricə uçub getmiş pişik barədə yazıb.

“Hələ çərşənbə günü paddokda üçrəngli evsiz pişik peyda olub. Onu yedirib-içirirdilər, hamı pişiklə şəkil çəkdirirdi. Pişik heç yerə getmədi və artıq bazar günü hamı onu “The Paddock Cat” deyə çağırırdı. O, komandaların qonaq evlərində qalır, onlarla birlikdə yeyir və ümumiyyətlə, özünü öz evindəki kimi hiss edirdi.

Çox ola bilsin ki, bu yaxınlarda onun həqiqətən də öz evi olacaq. Belə ki, bazar günü axşam o, “Toro Rosso”nun tailandlı pilotu Aleksandr Elbonun anası Kankamol Elbonun qucağından düşmürdü. Lakin qadının əri pişiyi uzaq ölkəyə aparmağa etirazını bildirib və deyib ki, həm evdə 5 pişik var, həm də heyvanı Bakıdan xarici ölkəyə aparmaq üçün ən azı 40 gün tələb olunacaq”.

Məşhur portal təsnifat mərhələsindən öncə Bakıda bütün qonaqlara ənənəvi olaraq verilən axşam yeməyindən də söz açıb.

“Bakıdakı yarışların təşkilatçıları əllərindən gələni edirlər ki, Qran-pri və ümumiyyətlə, şəhər haqqında hamıda yalnız xoş xatirələr qalsın, - “Motorport” yazır. – Təsnifat mərhələsindən öncə cümə axşamı verilən axşam yeməyi az qala Azərbaycandakı mərhələnin vizit kartına çevrilib. Son 3 il ərində həmin şam yeməyi “Hilton” otelinin ən üst mərtəbəsindəki “360” barında verilirdi ki, bu da paddokdan cəmi 20 addım aralıdadır.

Bu barın panorama pəncərələrindən Bakıya əla mənzərə açılır: burada yerindən tərpənmədən hər tərəfi görmək mümkündür. “360” öz oxu ətrafında fırlanır və hətta qonaqlar artıq öz ayaqları ilə hərəkət eə bilmədikləri halda belə, onlar üçün bütün mənzərə açıq olur. “360” barının bu qəribə özəlliyi üç il ərzində bir çox komandalara və mediaya faydalı olub. Bir çoxları elə həmin “Hilton” otelində yaşadıqlarından pulsuz içkiləri həddən artıq qəbul edir və əmin idilər ki, istənilən halda çarpayıya çatacaqlar.

Lakin bu il axşam yeməyi “Marriott Absheron” otelinin üçüncü mərtəbəsində yerləşən “Buddha Bar”da verilib. Həmin otel birinci döngə ilə ikinci döngənin arasında yerləşir və Bakıdan verilən translyasiyalarda tamaşaçılar onu dəfələrlə görüblər. Deyilənə görə, Azərbaycan Qran-prisinin təşkilatçıları büdcəni kəsməyə başlayıblar və axşam yeməyinin bir qədər mötədil miqyası da bunu sübut edir. Lakin axşam yeməyinin bütün digər atributları – alkoqol, qəlyanaltılar və uca səsli musiqi həddən artıq idi. Amma mənzərəyə gəlincə...”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ