“Qarabağ” Azərbaycan çempionu oldu - video

Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün çempionu bəlli olub.

“Report”un məlumatına görə, 31-ci çempionatın qalibi adına “Qarabağ” yiyələnib.

Ağdam klubu XXXIV turda “Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gələrək, qızıl medalları rəsmiləşdirib. Komandanın heyətində 71-ci dəqiqədə Bəhlul Mustafazadə, 77 və 86-cı dəqiqələrdə isə Ramil Şeydayev fərqləniblər.

Xallarının sayını 87-yə yüksəldən “Qarabağ” sona iki tur qalmış ən yaxın izləyicisi “Sabah” (77 xal) üçün əlçatmaz olub.

Beləliklə, “köhlən atlar” tarixində 10-cu dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb. Buna qədər rekord 9 çempionluqla “Neftçi”yə məxsus olub.

Qurban Qurbanov isə Ağdam təmsilçisinin sükanı arxasında 9-cu çempionluq sevincini yaşayıb.

“Sabah” cari mövsümü gümüş, “Neftçi” isə bürünc mükafatçı kimi başa vurmağı təmin edib. Bu isə o deməkdir ki, 2023/2024 mövsümündə “Qarabağ” Azərbaycanı UEFA Çempionlar Liqasında, “Sabah” və “Neftçi” isə UEFA Konfrans Liqasında təmsil edəcəklər. Konfrans Liqasına üçüncü vəsiqənin sahibi hələ bəlli deyil.

Qeyd edək ki, XXXIV turun bundan əvvəlki oyunlarında “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə ediblər, “Turan Tovuz” səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib. Mayın 14-də “Neftçi” – “Şamaxı”, 17-də isə “Sumqayıt” - “Sabah” görüşləri olacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ