2016-cı ildə “Formula-1” qalibi almaniyalı Niko Rosberq müvəqqəti olaraq televiziyada ekspert qismində işindən kənarlaşdırılıb.
Buta.media Haqqin.Az-a istinadən xəbər verir ki, Rosberq iki həftə bundan əvvəl Şanxayda keçirilən Çin Qran-Pirisində vəsiqəsini şəxsi fotoqrafına verdiyi üçün cəzalandırılıb.
Bu vəsiqə ona 2016-cı ildəki qələbəyə görə verilmişdi. Vəsiqə “F-1” padokuna ömürlük məhdudiyyətsiz keçid imkanı verir. Vəsiqəni kiməsə vermək qəti qadağandır.
Nəticədə Britaniyanın Sky Sports və Almaniyanın RTL telekanalında ekspert kimi çalışan Rosberq Azərbaycan və gələn həftə sonu keçiriləcək Barselona Qran-Prisini buraxır. Almaniyalı Monako Qran-Prisindən etibarən padoka keçə biləcək.
Qeyd edək ki, Niko Rosberq 2016-cı ildə keçirilən birinci Bakı “Formula-1”-in qalibi olub. Elə həmin ildə o, turnirin qalibi olub və karyerasını bitirib.