Qılıncoynatmanın sablya növündə yeniyetmə idmançımız Zərifə Hüseynova Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında gümüş medal qazanıb.
Qrup mərhələsini 5 qələbə ilə bitirən Zərifə yarımfinala gedən yolda Bolqarıstan, Koreya Respublikası, İtaliya və Macarıstanı təmsil edən sablyaçılara qalib gələrək ən güclü 4-lüyə yüksəlib.
16 yaşlı idmançımız yarımfinalda ABŞ sablyaçısı Jenna Şomana 15:13 hesabı ilə qalib gəlib. Finalda Macarıstan qılıncoynadanı Emese Domonkosla qarşılaşan Zərifə Hüseynova rəqibinə 12:15 hesabı ilə uduzaraq dünya çempionatının gümüş medalını qazanıb. İdmançımız bununla da Azərbaycan qılıncoynatma tarixində ilkə imza atıb.
Xatırladaq ki, Zərifə Hüseynova daha öncə 2021-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.