Mbappe Fransa millisinin yeni kapitanı oldu

“Paris Saint-Germain” (PSJ) klubunun hücumçusu Kilian Mbappe məşqçilər korpusu tərəfindən futbol üzrə Fransa milli komandasının yeni kapitanı təyin edilib. Bu barədə “L'Equipe” qəzeti məlumat yayıb.

Mbappe yeni statusda martın 24-də - 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin ilk oyunu üçün meydana çıxacaq. Fransa Hollandiya millisi ilə qarşılaşacaq.

Kilian Mbappenin 24 yaşı var. O, 2017-ci ildən Fransa millisində çıxış edir. Hesabında 66 oyun və 36 qol var. Hücumçunun millinin yeni kapitanı ola biləcəyini daha əvvəl bu komandanın baş məşqçisi demişdi.

Mbappedən əvvəl bu postu qapıçı Uqo Lloris tuturdu. O, millinin Argentina ilə dünya çempionatının finalında məğlubiyyətindən sonra karyerasını başa vurduğunu açıqlayıb.

Daha əvvəl PSJ-nin baş məşqçisi Kristof Qaltye klubun argentinalı hücumçusu Lionel Messi ilə münaqişə ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O qeyd edib ki, futbolçunun martın 18-də məşqi vaxtından əvvəl tərk etməsinə səbəb konflikt yox, əzələsindəki ağrı olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ