“Qarabağ” fotoqrafı Elmir Kərimovla yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, özü bildirib.
Buna səbəb isə “Qarabağ”ın E.Kərimova matçların çəkilişinə görə verdiyi qonorarı azaltmasıdır.
Bununla razılaşmayan fotoqraf klubun oyunlarının çəkilişindən imtina edib.
O qeyd edib ki, əvvəllər hər çəkilişə görə 100 manat alırdısa, klub bunu 50 manata endirib: “Nəticədə mən də razılaşmayaraq daha oyunlara getməmək qərarı aldım. Konfrans Liqasının 1/16 final mərhələsində Bakıda keçirilən görüş sonuncu oldu”.
“Qarabağ”ın bu addımı sosial şəbəkələrdə azarkeşlər tərəfindən ciddi tənqid edilib. 3-cü qrup əlil olan fotoqrafa qarşı bu addım narazılıqla qarşılanıb.
Hətta klubun futbolçusu Şahruddin Məhəmmədəliyev də Elmir Kərimova qarşı atılan addıma etiraz edib. O, fotoqrafın çəkdiyi şəklini paylaşıb və dəstək olub.