Serbiyalı tennisçi Novak Cokoviç “Australian Open” turnirinin finalında yunanıstanlı Stefanos Tsitsipasa qalib gəlib. Melburnda keçirilən görüş 6:3, 7:6 (7:4), 7:6 (7:5) hesabı ilə başa çatıb.
Beləliklə, Cokoviç 10-cu dəfə “Australian Open”in qalibi olub və bu, turnir rekordudur. Serbiyalı daha əvvəl 2008, 2011, 2012, 2013, 2015, 2016, 2019, 2020 və 2021-ci illərdə turnirdə birinci olub.
Cokoviçin yeni qələbəsi idmançı üçün Böyük Dəbilqə turnirlərində 22-cidir. Bu göstəriciyə görə o, ispaniyalı tennisçi Rafael Nadala çatıb. Bir turnirdə qazandığı qələbələrin sayına görə, serb hələ də 14 dəfə Rolan Qarrosun qalibi olmuş Nadaldan geri qalır.
Novak Cokoviçin “Australian Open”də iştirakı qalmaqalsız ötüşməyib. Onun atası Srcan Cokoviç Z işarəli və üzərində “Biz harada, Rusiya da oradadır” yazısı olan köynəyi geyindiyi üçün tənqid olunub. O həmçinin əlində Rusiya prezidenti Vladimir Putinin portreti və Rusiya bayrağı tutub. Buna cavab olaraq Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko Srcan Cokoviçin Böyük Dəbilqə turnirində akkreditasiyasından məhrum edilməsini istəyib.
Avstraliya Tennis Federasiyası Novak Cokoviçə və ailəsinə turnir zamanı siyasi baxışların təbliği ilə bağlı xəbərdarlıq edib. Nəticədə Srcan Cokoviç “Australian Open” turnirinin yarımfinal və finalında oğlunun oyununa gəlməyib.