Azarkeşlər Azərbaycan Premyer Liqasının oyunlarını boykot edirlər

Azərbaycan futbol klublarının azarkeşləri Premyer Liqanın qarşıdakı oyunlarını boykot etmək qərarına gəliblər.

Buna səbəb XVI turun “Neftçi” – “Qarabağ” matçında (0:4) baş verən insident olub.

Dekabrın 3-də “Bakcell Arena” stadionunda keçirilən oyundan sonra hüquq-mühafizə orqanları iki azarkeşi fişəngdən istifadə etdiklərinə görə saxlayıb. Onların hər ikisi səkkiz sutka həbs cəzası alıb.

Nəticədə Azərbaycan klublarının azarkeş qrupları eyni vaxtda sosial şəbəkələrdə fanatların saxlanmasına etirazı ifa edən və futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti iki turuna qatılmayacaqlarını bildirən mesajlar yayıblar.

““Forza Neftçi” olaraq, Azərbaycan Premyer liqasının son turunda keçirilmiş “Neftçi” – “Qarabağ” oyunundan əvvəl  və matç zamanı azarkeşlərə qarşı edilmiş haqsızlıqlara və onların həbs olunmasına etiraz edirik. Bu haqsızlığın növbəti oyunlarda bizə və digər azarkeş qruplarına qarşı edilməyəcəyinə heç kim zəmanət verə bilməz. Tribunada rəqib ola bilərik, amma hamımız Azərbaycan tribunasının inkişafına çalışırıq. Bu haqsızlığı bir az daha göz önünə çıxarmaq üçün  Azərbaycanın bütün azarkeş qruplarının qarşıdan gələn 2 oyunda iştirak etməyəcəyini bəyan edirik!”, - “Forza Neftçi”nin sosial şəbəkə üzərindən yaydığı bəyanatda deyilir.

Xatırladaq ki, futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turundan sonra 44 xalı olan “Qarabağ” vahid liderdir, ikinci və üçüncü yerləri müvafiq olaraq 39 və 32 xalla Bakının “Sabah” və “Neftçi” klubları tutur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ