“Qarabağ” “Traktor”la yoldaşlıq oyunu keçirə bilər

“Traktor” ilə yoldaşlıq oyunu keçirmək “Qarabağ” klubu olaraq bizim üçün də, azarkeşlər üçün də çox xoş olar”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl azarkeşlərin sosial şəbəkələrdə Ağdam təmsilçisinin Təbrizin “Traktor” klubu ilə yoldaşlıq oyunu keçirməsi ilə bağlı təşəbbüsünü şərh edərkən deyib.

Klub rəsmisi qeyd edib ki, hər iki klubun sıx qrafiki var: “Həm ölkə çempionatında, həm də Konfrans Liqasında çıxış edirik. Çalışırıq ki, iştirak etdiyimiz bütün platformalarda Azərbaycanı ən yüksək səviyyədə təmsil edək. Amma bununla yanaşı, biz “Qarabağ” klubu olaraq belə bir oyunun baş tutmasını da istəyərik. Onlar bizim soydaşlarımız, qardaşlarımızdır. İki klubun qarşılaşması böyük futbol bayramı olar. Əgər qış təlim-məşq toplanışında “Traktor” da Antalyada olsa, orda belə bir görüşü planlaya bilərik. Ancaq qarşı tərəfdən hər hansı təşəbbüs olsa, bizə bir təklif gəlsə, başqa variantlar üzərində də düşünmək olar”.

Görüşün Azərbaycanda baş tutması halında təşkilatçı kimi AFFA çıxış edə bilərmi? Bununla bağlı açıqlama verən AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla qeyd edib ki, belə bir təşəbbüs olsa, Assosiasiya olaraq təşkilati məsələdə istənilən köməyi edə bilərlər: “Bu məsələdə əsas iş klubların üzərinə düşür. Hər iki klubun sıx qrafiki var. AFFA hansısa kluba yoldaşlıq oyunu keçirməklə bağlı təklif, təşəbbüs verə bilməz. Amma belə bir görüş olsa, təşkilatçılığı öz üzərinə götürə bilər”.

Qeyd edək ki, “Qarabağ”la “Traktor” daha əvvəl yoldaşlıq görüşündə qarşılaşıblar. Hər iki klub 2012-ci ildə Türkiyədə yay təlim-məşq toplanışında olarkən Ankaranın Qızılcahamam bölgəsində üz-üzə gəliblər. Görüş “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ