Sentyabrın 13-də və 14-də Ermənistanla sərhəddə həyata keçirilən genişmiqyaslı əks-hücum əməliyyatı zamanı Azərbaycan ordusu Daşkəsən rayonunun Buğdadağ strateji yüksəkliyini azad edib. Azərbaycan-Ermənistan sərhədində yerləşən bu yüksəklik 1990-cı illərin ortalarından Ermənistan ordusunun nəzarəti altında idi ki, bu da onlara Azərbaycan ordusunun Daşkəsən istiqamətində, təchizat yolları da daxil olmaqla, tam nəzarətdə saxlamağa imkan verib.
Ermənilərin işğal etdikləri mövqelər Bala Göyçə dağ gölünü də nəzarətə götürməyə imkan yaradıb.
Lakin hazırda yüksəklik və adıçəkilən göl də daxil olmaqla bütün ətraf ərazilər Azərbaycan ordusunun nəzarəti altındadır. Mühəndis-istehkam qoşunları Buğdadağ ətrafını minalardan təmizləyir, yeni təchizat yolları çəkir. Azad edilən yüksəklikdə möhkəmləndirmə işləri aparılır.
AzTV-nin bu yüksəklikdən hazırladığı reportajda Azərbaycan xüsusi təyinatlılarının keçilməz dağ cığırları, dərələr, dağ çayının yatağı ilə hərəkət edərək Buğdadağ yüksəkliyini necə azad etməsindən bəhs edilir.
Vaxtilə general Polad Həşimovun briqadası da bu yüksəklik istiqamətində mövqelər tutmuşdu. Hərbçilər deyirlər ki, o zamanlar Azərbaycan ordusunun mövqelərinə təchizat yollarının çəkilməsində, postların möhkəmləndirilməsində Həşimov böyük işlər görüb.
“General ən çox Buğdadağ yüksəkliyinin azad edilməsini arzulayırdı”, - həmin vaxt Polad Həşimovla birgə xidmət edən zabitlərdən biri xatırlayır:
Buğdadağda vaxtıilə Ermənistan ordusunun minaatan hissəsi yerləşdirilmişdi, iriçaplı pulemyotlar quraşdırılmışdı. 30 metr hündürlükdə dirəyə quraşdırılmış termal kamera 30 kilometrə qədər dərinlikdə Azərbaycan ərazilərini müşahidə etməyə icazə verirdi ki, nəticədə Azərbaycan ordusunun bütün hərəkətlərini izləmək olurdu. Yüksəkliyin azad edilməsi uğrunda döyüşlərdə iştirak edən zabitlərdən biri deyir ki, bu kameranın yaddaşına baxış keçirən zaman orada Azərbaycan ordusunun hərəkətlərini əks etdirən kadrların olduğu aşkarlanıb.
Bala Göyçə gölü
Xüsusi təlim keçmiş dağ komandoları səhər saatlarında iki istiqamətdən yüksəkliyə hücum ediblər. Bu, ermənilər üçün gözlənilməz olsa da, onlar Azərbaycan hərbçilərinə avtomatik qumbaraatanlardan atəş açaraq müqavimət göstəriblər. Qızğın döyüşlər zamanı komandolar qayaların üstündən sürünərək Ermənistan ordusunun uzun illər möhkəmlənmiş yüksək mövqelərini ələ keçirib.
Yüksəkliyin azad edilməsi uğrunda gedən döyüşlərdə bir neçə azərbaycanlı döyüşçü yaralanıb, hərbçi Asiman İmamverdiyev həlak olub. Bu gün yüksəklik bu qəhrəmanın adını daşıyır.