Döyüş toqquşması: Azərbaycan-Ermənistan sərhədində nə baş verir?

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan tərəfinin Basarkeçər rayonu istiqamətində Azərbaycana məxsus hərbi təyyarənin guya məhv edilməsi ilə bağlı yaydıqları məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.

Bundan əlavə MN bildirib ki, erməni teleqram kanallarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədinin Gorus rayonu istiqamətində atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə təxribat məqsədilə yayılan məlumatın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir.

Müdafiə Nazirliyi Müdafiə Nazirliyi bütün kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək, yalnız rəsmi məlumatlardan istifadə etməyə, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmamağa çağırıb.

MN həmçinin bəyan edib ki, Ermənistan kütləvi informasiya vasitələri və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyildir.

Gecə saatlarında Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar barədə danışıblar.

Azərbaycan Müdafiə Nazirliyi brifinq keçirib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin genişmiqyaslı təxribatı barədə ətraflı məlumat verib.

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Hökumət Evində fövqəladə iclas keçirib.

Azərbaycan MN bəyan edib ki, bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qafan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.

ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində davam edən toqquşmalar və gərginlik müzakirə edilib.

Ermənistan tərəfi sentyabrın 12-də Azərbaycana qarşı apardığı genişmiqyaslı təxribat nəticəsində 10 hərbçisi yaralandığını etiraf edib.

“Caliber” yazır ki, Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib. Sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Bu gün saat 9:00-dan başlayaraq tərəflər atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ