Snayper, pulemyot, bomba, top: Azərbaycan yeni silahlarını təqdim etdi - foto

Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi keçirilir.

Sərgidə Azərbaycan istehsalı olan bir neçə silah və sursat təqdim edilib.

Buta.media APA-ya istinadən onları təqdim edir:

“ZƏRBƏ-BK1” aviasiya sursatı

25 kq döyüş elementləri olan birdəfəlik aviasiya konteyneri “ZƏRBƏ-BK1”. Məmulat kiçik kalibrli aviasiya bombalarının bir dəfədə çoxsaylı istifadəsinin təmin edilməsi üçündür. “ZƏRBƏ-BK1” Hərbi Hava Qüvvələri tərəfindən böyük ərazidə yerüstü hədəfləri (canlı qüvvəni və yüngül zirehli texnikanı) sıradan çıxarmaq üçün nəzərdə tutulub.

“Yırtıcı” yarımavtomat snayper tüfəngi

Azərbaycan istehsalı olan 7.62x54 mm-lik snayper tüfəngi silah peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanıb.

12,7 mm-lik, iriçaplı pulemyot 

Silah 2000 metrdən 3000 metrə qədər qısa və uzun qatarlarla atəş açma xüsusiyyətinə malikdir. Sözügedən pulemyot əsasən düşmənin canlı qüvvəsinin və yüngül istehkamlarının dağıdılmasında tətbiq edilir. Silahda 12,7 və 108 diametrli güllələrdən istifadə olunur. Güllələr 3 il əvvəl hazırlanıb və daha sonra silahın yığılmasına başlanılıb.

30 mm-lik avtomatik top AT 30 silahı

30 mm-lik avtomatik top AT 30 düşmənin 1500 m-ə qədər məsafələrdə yerləşən yüngülzirehli hədəfləri və tank əleyhinə raket kompleksləri, uzaq məsafələrdə yerləşən düşmənin canlı qüvvəsi və zirehli vasitələri, həmçinin 2000 m-ə qədər hündürlükdə və 2500 m-ə qədər maili uzaqlıqda, səs sürətindən az sürətlə uçan hava hədəfləri ilə mübarizə aparmaq, yüngül səhra tipli sığınacaqlar arxasında yerləşən atəş vasitələri və canlı qüvvəyə uzaq məsafədə yerləşən zirehsiz və qrup hədəfləri ilə mübarizə üçün nəzərdə tutulub.

“QFAB-250 LG” HE bombası 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin ASELSAN şirkətinin birgə layihəsi əsasında 250 kq çəkisi olan “QFAB-250 LG” HE bombası dəqiq nişan almaya malikdir. O, hərbi texnikanı, qurğuları, hərbi sənaye və energetika obyektlərini, nəqliyyat vasitələrini, aerodromdakı təyyarələri, anbarları, körpüləri, canlı qüvvəni və düşmənin digər hədəflərini məhv etmək üçün nəzərdə tutulub.

Mina aşkarlayan robot

Robot “İmprotex İndustries” şirkəti tərəfindən hazırlanıb. Mina aşkarlayan robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. O, artıq ötən həftə sınaqdan keçirilib, mina aşkarlayan robot təhlükəsiz zolaq aça, 500 kq-ə qədər faydalı yük daşıya və yaralıları təxliyə edə bilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ