Polislərin fotolarını yayıb təhqir edənlərə - DİN-dən xəbərdarlıq

Nəsimi RPİ-nin əməkdaşı tərəfindən AXCP fəalı Rəhimova Gülnarə Akif qızına qarşı Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət edilib.

G.Rəhimovanın sosial şəbəkələrdə yaydığı görüntülərlə bağlı polis əməkdaşları ondan şikayətçi olublar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti mövqeyini açıqlayıb. Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, xidmət aparan polis əməkdaşlarının fotoşəkilləri bəzi sosial şəbəkə səhifələrində yayılır, müxtəlif məzmunlu şərhlər verilir, onların təhqirə və hədələrə məruz qoyulması halları baş verir:

“Bu, birmənalı qarşılanmır və hüquq müstəvisində tədbirlər görülür. Bəzi xanımlar var ki, onların hərəkətlərində kifayət qədər təhqir və böhtanla bağlı hüquqi əsaslar olsa da, indiyə qədər səbr, təmkin göstərilib. Dəfələrlə kütləvi tədbirlərdə, sosial şəbəkələrdə əməkdaşlarımız qəsdlə, məqsədli olaraq, hədə və təhqirlərə məruz qalıblar, fotoşəkilləri paylaşılaraq linç ediliblər. Bu, heç kimə sirr deyil və aşkar formada həyata keçirilib. Bunlarla bağlı sosial şəbəkələrdə və DİN-də arxivləşdirilən görüntülər - sübutlar var. Etiraf edilməlidir ki, tərəfimizdən indiyə qədər heç bir fakt sübuta çevrilməklə hansısa xanıma qarşı iddia qaldırılmayıb. Nəticədə bu təmkin bəzilərində arxayınçılıq yaradıb.

Görünən odur ki, hüquqi və etik baxımdan onlar hədə və təhqir dolu aqressiv davranışlarını həm də ona görə nümayiş etdiriblər ki, onlara qarşı polis tərəfindən məsuliyyət yaradan məhkəmə iddiası qaldırılmayacaq. Ancaq hara qədər polis əməkdaşları məqsədli olaraq hədə və təhqirlərə məruz qalaraq, fotoşəkilləri paylaşılaraq linç ediləcək?”

Elşad Hacıyev əlavə edib ki, polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd davranış inzibati və cinayət məsuliyyəti yaradır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ