Dövlət sərhədini pozaraq ölkəyə narkotik keçirməyə çalışarkən tutulan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları barəsində cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 21-də 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən onların qanunsuz əməlləri ifşa edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Müəyyən edilib ki, DSX-nin hərbi qulluqçuları Tural Osmanov, Şəmil Abbasov, Habil Nəcəfov, Kamran Cəfərov, Nurlan Qasımov, Seymur Azadxanzadə, İlkin Qasımzadə və qeyriləri vəzifəli şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək mülki şəxs Hikmət Xəlili və qeyriləri ilə satış məqsədilə külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin İrandan qaçaqmalçılıq yolu ilə gizli keçirilməsi və satılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşiblər.
Qrupun İranda olan üzvləri həmin vasitələri əldə edərək 2022-ci ilin iyulunda Cəbrayılın Mehdili kəndidən respublikamızın dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən və dövlət gömrük nəzarətindən kənarda keçirməklə gizlədiblər. Razılaşdırılmış plana uyğun olaraq hərbi qulluqçulardan 4 nəfəri iyulun 21-də saat 20 radələrində vasitələri gizlədilən yerdən götürərkən DSX-nin “Pusqu” sərhəd naryadı tərəfindən saxlanılıblar.
Onlardan 94,3 kq narkotik vasitələr (87, 7 kq marixuana, 7, 6 kq heroin, “metadon-40” 198 konvalyut hər birində 10 ədəd olmaqla 1980 həb), psixotrop maddə (400 qram metamfetamin) və güclü təsir edən maddə (“preqobalin-150” 831 konvalyut hər birində 15 ədəd olmaqla 12465 həb) aşkar edilərək götürülüb.
Toplanmış sübutların məcmusuna əsasən adları qeyd edilən 7 hərbi qulluqçu və Hikmət Xəlilli barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, qrupun digər üzvü - mülki şəxs Bəşir Quliyev gizləndiyindən barəsində axtarış elan edilib.