Polis zabiti toyda məhkəmə katibini döydü

İyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində insident baş verib.

Buta.media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saat 22 radələrində rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb. 

Toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. 

Hadisə rayonun Qaraqocalı kənd sakini olan və bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış şəxsə görə baş verib.

Rayon məhkəməsində katib vəzifəsində çalışan Yaşar Cəbiyevin qonşusu olan həmin şəxs saxlanıldıqdan sonra Y.Cəbiyev tanışı, Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimovdan onun məsələsinin müsbət həll edilməsini xahiş edib.

Lakin bir neçə gün keçməsinə baxmayaraq saxlanılan şəxslə bağlı bir yeniliyin olmadığını görən V.Kərimovla bir yerdə iştirak etdiyi toyda ona bu məsələyə görə irad bildirib. Nəticədə tərəflər arasında mübahisə başlayıb və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.

Yaşar Cəbiyev baş vermiş hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ