ABŞ Dövlət Departamenti Ermənistanı hərbi cinayətlər törətməkdə ittiham edib.
Buta.media-nın xəbərinə görə, ittihamlar Dövlət Departamentinin 2021-ci il üzrə insan haqları ilə bağlı “2021 Country Reports on Human Rights Practices” hesabatında yer alıb.
Sənədə əsasən, 2020-ci ildə etnik erməni silahlı birləşmələri yaralı Azərbaycan əsgərlərini işgəncə ilə öldürüblər.
Hesabatda bildirilir ki, azərbaycanlı hərbçilərin öldürülməsinin sübutu iki videoyazıda var. Bu görüntülərin doğrulanması Ermənistanın Cenevrə konvensiyasını və Ermənistan Cinayət Məcəlləsini kobud şəkildə pozması deməkdir.
Dövlət Departamentinin hesabatında həmçinin qeyd olunur ki, Azərbaycan Baş Prokurorluğu Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə öldürülən azərbaycanlıların məzarlarını axtarır. On iki dinc Azərbaycan sakininin qalıqları tapılıb. 2021-ci ilin iyun ayında daha üç cəsəd, avqustun 30-da isə növbəti kütləvi məzarlıq aşkarlanıb.
Bundan əlavə beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda ermənilərin azərbaycanlılara məxsus məzarları dağıtmasını özündə əks etdirən minlərlə fotonu çəkərək sənədləşdirib.
Hərbi qulluqçuların və dinc sakinlərin mina partlayışı nəticəsində ölmələrinə hesabatda xüsusi yer ayrılıb. Belə ki, müharibədən sonra yeddi Azərbaycan hərbçisi və 29 dinc sakin mina partlayışı nəticəsində həlak olub, onlarla insan yaralanıb.