Azərbaycana 22 milyon manatlıq narkotik keçirmək istədilər - FOTO

Gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində külli miqdarda, 306 kiloqram 710 qram narkotik vasitə-heroin aşkar edilib. 

 

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Buta.media-ya daxil olan məlumata görə, Biləsuvar gömrük postunda “daş bloklar” yükü daşıyan  “SCANIA” markalı və iki “VOLVO” markalı yük avtomobilləri saxlanılaraq stasionar rentgen qurğusundan keçirilib.  


 
İİR vətəndaşı Azızıkoshkı Majıd Hassanın idarə etdiyi “SCANIA” markalı yük avtomobilindəki paletlərdən birinə gömrük baxışı zamanı  28 ədəd daş blokların hər birinin daxilində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılan, ümumi çəkisi 45 kq 446 qram narkotik vasitə-heroin aşkar edilib.

 
Sürücü Azızıkoshkı Majıd Hassan qəfildən idarə etdiyi nəqliyyat vasitəsinin surətini artıraraq İran istiqamətinə hərəkət etməyə başlayıb. Gömrük əməkdaşları bunun qarşısını almağa səy göstərsələr də, sürücü yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttində olan “şlaqbaumu” sındıraraq Azərbaycan ərazisini tərk edib. Sürücü İran İslam Respublikasının Biləsuvar gömrük postunun nəzarət zonasının girişində yük avtomobilini darvazanın kandarına çırparaq dayanıb və nəqliyyat vasitəsindən düşüb qaçaraq İran ərazisinə daxil olub.


 
Bundan sonra nəzarətdə olan İran islam Respublikasının digər vətəndaşı İmanı Rouhollah Alıakbarın idarə etdiyi “VOLVO” markalı yük avtomobilinin qoşqusunda 161 ədəd standart ölçülü, düzbucaqlı formalı daş blokların hər birinin içərisində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılmaları ilə birlikdə, ümumi çəkisi 261 kq 264 qram təşkil edən narkotik vasitə -heroin aşkar edilib.


 
Beləliklə, iki yük avtomobilindən aşkar edilən narkotik vasitə-heroinin ümumi çəkisi 306 kq 710 qramdır. Qeyd edək ki, aşkar olunan 306 kq 710 qram heroinin "qara bazar"da dəyəri 21 milyon 500 min manat təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ