Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və üç yüksəkrütbəli zabitin məhkəməsi sona doğru davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində araşdırılan iş üzrə bütün şahidlər dindirilib.
Budəfəki iclasda sədrlik edən hakim Fikrət Əliyev tərəflərin razılığı ilə iş materiallarının tədqiqinə başlayıb.
Tədqiq olunan sənədlərin arasında Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanovun bu işin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsinə verdiyi 4 illik maliyyə hesabatı da var. Hesabatda əks olunan bəzi xərclər isə diqqət çəkir. Rəsmi sənədlə təsdiqini tapıb ki, Müdafiə Nazirliyinin 2016-2019-cu illər ərzində keçirdiyi tədbirlərə 713 min manat pul xərclənib. Məsələn, “Ağ Çiçəyim” mağazalar şəbəkəsindən 4 ildə 60 min manatlıq gül-çiçək, 14 min manatlıq dibçək alınıb.
Hesabatın başqa bir səhifəsində yer alan fakt isə daha ilgincdir. Məlum olduğu kimi, həmin illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov idi.
Rəsmi sənəddə yazılır ki, şəxsən Nəcməddin Sadıkova 21 min manata 6 dəst (cəmi 36 ədəd) armudu stəkan, 8 min manata isə 80 butulka (biri 100 manat) çaxır alınıb. Sadıkovun şəxsi istifadəsinə verilən ümumilikdə 29 min manatlıq armudu stəkan və çaxırın pulu dövlət vəsaiti hesabına ödənilib.
Prosesin davamında təqsirləndirilən zabitlərə verilmiş xidməti xasiyyətnamələr elan edilib.
Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımovdan başqa digər təqsirləndirilən şəxslərin xidməti müsbət qiymətləndirilib.
Hərbi Hava Qüvvələrinin bu yaxınlarda təqaüdə göndərilən komandanı general-leytenant Ramiz Tahirov Cəlal Kazımov haqda özü Dövlət Təhlükəsizliyi Xidmətinə rəy göndərib. Rəydə polkovnik Kazımovun xidməti mənfi xarakterizə olunub.
Təqsirləndirilən şəxs barəsindəki mənfi rəyi qərəzli hesab edərək, “30 il xidmət etmişəm. Bu illər ərzində heç vaxt nə töhmət, nə cəza almışam”, - deyib.
Əvvəlki iclasda Cəlal Kazımovun vəkili Əli Adıgözəlov əlavə şahidlərin məhkəməyə çağırılması məsələsini qaldırmışdı. Vəkil bu dəfə həmin məsələ ilə bağlı vəsatət qaldırıb.
Vəsatətdə deyilir ki, cinayət işində bir çox şəxsin adına pullar köçürülüb mənimsənildiyi qeyd edilib. Söhbət mənimsənilən 1 milyondan çox puldan gedir. Vəkil kartlarına pul köçürülən şəxslərin məhkəmədə dindirilməsini istəyib.
Məhkəmə əlavə şahidlərin dindirilməsinə ehtiyac görməyib. Hakim bəyan edib ki, vəsatətdə qeyd olunan şəxslərin izahatları iş materillarında var. Həmin izahatlar yetərlidir.
Proses iyulun 19-da digər sənədlərin tədqiqi ilə davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmənin üstü Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açılıb. İş üzrə çoxsaylı zabitlər cinayət məsuliyyətinə cəlb edilib. Birgə ittiham olunan yuxarıda vəzifələri qeyd olunan general Nizami Məmmədov, polkovnik Cəlal Kazımov, həmçinin Quru Qoşunların Maliyyə İdarəsinin rəisi işləmiş polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin eks rəisi kapitan Vüsal Əlizadə 3 ilə yaxındır həbsdədirlər.