Nəşi tapılan Ceyhun 627 bal toplayıbmış... - foto

“Oğlum Ceyhun Hüseynovun tərxis olunmasına 20 gün qalmışdı. Hərbi xidməti bitirib evə gələcəkdi...”

Bu sözləri “Globalinfo”ya açıqlamasında Naxçıvanda Günnüt yaşayış məntəqəsi istiqamətində itkin düşən və bu gün nəşi tapılan hərbçimizin atası Tofiq Hüseynov deyib.

O, oğlunun ali təhsilli olduğunu bildirib: “Ceyhun 16 noyabr 1999-cu ildə Bakıda anadan olub. Özümüz əslən Ordubad rayonundanıq. Oğlum o qədər savadlı idi ki, orta məktəbi qızıl medalla başa vurmuşdu. ADA Universitetində təhsil aldıqdan sonra Təl-Əvivdə magistratura təhsilini bitirdi. Hərbiyə də könüllü olaraq getdi”.

T. Hüseynov qardaşının da Birinci Qarabağ müharibəsində şəhid olduğunu açıqlayıb: “Ceyhunun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub. Oğlum dəfələrlə beynəlxalq müsabiqələrdə qızıl, gümüş medallar əldə edib. Hətta zamanında Ceyhunla bağlı AZTV, ATV telekanalı da veriliş hazırlamışdı. O görüntülər indi də bizdədir. Çox təəssüf edirəm”.

Qeyd edək ki, C. Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub.

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi bu gün səhər saatlarında tapılıb. Onun Ordubad rayonunda dəfn olunacağı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ