General “Vətən müharibəsi” ilə bağlı sirləri açdı - VİDEO

"Birincisi, düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud olan aviasiya vasitələrimizi havaya qaldırıb, kütləvi aviasiya zərbəsini imitasiya etdik".

Bunu müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Ramiz Tahirov müsahibə zamanı deyib.

Həmin imitasiya vasitələri ilə düşmənin zenit-raket komplekslərini məhvetmə zonasına daxil olmadan müxtəlif manevrlər edirdik. Lakin çox keçmədən düşmən bizim etdiklərimizin yayındırıcı manevrlər olduğunu anlayacaqdı. Ona görə, ikinci, düşmənin fəndimizi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, içərisində pilot olmayan və “kukruznik” adı ilə bilinən AN-2 təyyarələrini düşmən zenit-raket komplekslərinin məhvetmə zonasına yönəltdik.

Düşmən bu təyyarələri məhv etdikdən sonra bunların yalançı hədəflər olduğunu başa düşəcək və adekvat tədbirlər görəcəkdi.

Üçüncü, ona görə AN-2 təyyarələrinə müxtəlif bombalar quraşdırıldı, əgər bu təyyarələr düşmən tərəfindən vurulmasaydı, kamikadze-dron kimi yerdəki hədəfləri məhv edəcəkdi.

Dördüncü, əlbəttə, bir müddət sonra düşmən bunu da anlayacaqdı. Bu hədəflərə qarşı TOR-M2 KM komplekslərindən yox, daha ucuz vasitələrdən atəş açacaqdı. Bizim məqsədimiz isə TOR-M2 KM komplekslərinin məhdud sayda olan müasir raketlərinin düşmən tərəfindən sərf edilməsi idi. Deyə bilərəm ki, buna nail olmuşuq.

Obrazlı şəkildə desək, düşmən  “Qarabağ mücrüsü”nü açmağa çalışarkən hər dəfə qarşısına yeni bir tapmaca çıxırdı. Müharibənin sonuna qədər  “Qarabağ mücrüsü”nü açmağa müvəffəq olmadı”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ