Xəstəxanaya müayinəyə gedən polis mayoru vəfat etdi

Cəlilabad rayonunda polis mayoru, 1968-ci il təvəllüdlü Rasim Hümbətov vəfat edib. 

İqtisadiyyat.az xəbər verir ki, o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qəfil ürək çatışmazlığından dünyasını dəyişib. 

Belə ki, səhhətində yaranan problemlərlə əlaqədar müayinə üçün xəstəxanaya yollanan R.Hümbətovun halı tibb müəssisəsinə çatanda qəfildən pisləşib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 2-də saat 20:40-da pasiyent ürək nahiyəsində göynəmə, sancı şikayətləri ilə Təcili yardım şöbəsinə müraciət edib:

“Ona ilkin tibbi yardım göstərilsə də, qəflətən vəziyyəti pisləşdiyi üçün təcili reanimasiyaya yerləşdirilib. Pasiyentə zəruri tibbi yardım göstərilib, lakin həkimlərin səylərinə baxmayaraq, saat 21 radələrində ölüm halı qeydə alınıb”.

Qeyd edək ki, R.Hümbətov uzun müddət Cəlilabad Rayon Polis Şöbəsinin Passport-Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Son illər isə Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Şəhər Polis Bölməsində işləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ