Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan hərbçisi Ruslan Pənahova qarşı uydurma ittihamlarla cinayət işi başlanılıb.
Bildirilir ki, R. Pənahov barəsində diversiyaya cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb.
Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçinin müstəntiqin qərarı ilə həbs edildiyini də açıqlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını açıqlayıb. Məlumata görə, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.