Laçında azaraq itkin düşən əsgərin görüntüsü yayıldı - foto

Fevralın 28-i səhər saatlarında azaraq itkin düşən Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslanın görüntüsü yayılıb.

Onun fotosunu Unikal.org saytı dərc edib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını açıqlayıb. Məlumata görə, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.

Azərbaycan hərbçisinin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ