Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun ölümündən sonra layiq görüldüyü “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.
Buta.media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə Nazirliyin rəsmiləri, Qax və Xocavənd rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, ziyalılar, şəhidin ailə üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti adından hərbi qulluqçu Aqil Akif oğlu Omarovun “Şücaətə görə” (ölümündən sonra) medalı ilə təltif olunması haqqında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.
General-leytenant Kərim Vəliyev həmin medalı şəhidin böyük oğlu Uğurun yaxasına sancıb. Atasının əvəzindən generaldan icazə alan Uğurun “Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.
Mərasim “Biz gəlirik, Qarabağ!” vətənpərvərlik marşının ifası, şəhidin məzarının ziyarət olunması, ehsan süfrəsinin açılması və dualar oxunması ilə başa çatıb.