Deputat: Mən Paşinyanı öldürməyə çağırmamışam - YENİLƏNİB

Milli Məclisin deputatı Aydın Mirzəzadə təcili bəyanatla çıxış edib. 

Buta.media xəbər verir ki, Millət vəkilinin rəsmi bəyanatı virtualaz.org-un redaksiyasına daxil olub. 

“Mən parlamentin iclasında Paşinyanın aradan götürülməsinə çağırış etməmişəm. Təəssüf ki, KİV sözlərimi təhrif edib”, - bəyanatda deyilir.

Xatırladaq ki, bu gün modern.az saytı Aydın Mirzəzadənin çıxışını yayıb və bildirib ki, guya həmin çıxışında deputat Azərbaycan ordusunun batalyon komandiri, mayor Aqil Ömərovun qətlinə qisas olaraq snayperləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı aradan götürməyə çağırıb.

“Mən cəbhə zonasında yerləşən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin snayperlərini nəzarətə götürməyə çağırmışam. Demişəm ki, snayperlər hara gəldi atəş açmamalıdırlar. Elə vəziyyət yarana bilər ki, cəbhə zonasına dövlət başçıları və hökumət üzvləri gələ bilərlər. Misal üçün, qoşunların təmas xəttinə Paşinyan gələ bilər. Birdən snayperlər atəş açar. Bu, faciəyə gətirib çıxara bilər. Eyni şey Azərbaycan nümayəndələrinə də aiddir. Bir daha təəssüf edirəm ki, mənim sözlərim düzgün qəbul edilməyib və təhrif olunub”, - deputat bildirib.

14:46

Mən müdafiə naziri, Ali Baş Komandan deyiləm, ona görə Ordumuza əmr verə bilmərəm. Amma snayperlərimizə üz tutub xahiş edirəm ki, əgər Paşinyan yenidən işğal olunmuş ərazilərimizə gələrsə, onu vursunlar.

Buta.media Modern.az-a istinadən xəbər verir ki, bunu parlamentdə millət vəkili Aydın Mirzəzadə deyib.

“Mən snayperlərimizdən xahiş edirəm, Ermənistanın digər rəhbər şəxsləri, siyasətçiləri işğal olunmuş ərazilərimizə gəlsələr, onları vursunlar. Artıq səbrimiz daşmaqdadır. Qarabağ münaqişəsi həll olunmalıdır, işğala son qoyulmalıdır. Ermənistan özünə yeni Baş nazir tapa bilər”, - deyə o əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ