Nazir müavini təyin edilən Hikmət Mirzəyevlə bağlı məlumatlar

Xəbər verdiyimiz kimi, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.

Pravda.az Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev barəsində məlumatları təqdim edir:

Hikmət İzzət oğlu Mirzəyev 29 fevral 1968-ci ildə Puşkin rayonunda (indiki Biləsuvar rayonu) anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi təyinatlı taborun üzvü olub.

1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi əsasında Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb.

Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb.

Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

O, 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. 

24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

2016-cı ilin aprelində və 2020-ci ildə “Dağlıq” Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olub. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib.

2016-cı ilin Aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

O, 2020-ci il Vətən müharibəsində Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına rəhbərlik edib.

17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hikmət Mirzəyevi general-leytenant ali hərbi rütbəsi ilə təltif edib.

H.Mirəzəyev 9 dekabr 2020-ci ildə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24 dekabr 2020-ci ildə "Cəbrayılın azad olunmasına görə" medalı, 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" medalı, 29 dekabr 2020-ci ildə "Qubadlının azad olunmasına görə" medalı, 29 dekabr 2020-ci ildə "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları, 24 iyun 2021-ci ildə  "Xocavəndin azad olunmasına görə" medalı, 7 noyabr 2023-cü ildə isə "Qarabağ" ordeni ilə təltif edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ