Bakıda sərxoş tutulan sürücü bu dəfə narkotikin təsiri altında saxlanıldı

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sükan arxasında narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxsi aşkarlayıblar.

Şöbədən Patrul.az-a verilən məlumata görə, sürücü Elvin Rafael oğlu Bağırov idarə etdiyi 10-BJ-013 dövlət nömrə nişanlı, “Land Rover Discovery” markalı avtomobillə rayon ərazisində dönmə işığından istifadə etmədiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, həkim müayinəsindən keçirilib. Məlum olub ki, sürücü narkotik vasitələrin təsiri altındadır.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin sürücü ötən il sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Nizami RPİ-nin DYP şöbəsi tərəfindən saxlanılıb və barəsində müvafiq tədbir görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ