Azərbaycanda hərbçilərin maaşları artırılır

Hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması və hərbçilərin maddi rifah halının yaxşılaşdırılması üçün ardıcıl addımlar atılır. 

Bu barədə polkovnik Elçin Əliyev Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanışında çıxışı zamanı deyib.

“Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Fərmanı ilə növbəti artım olaraq 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq. Hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə imkan verməklə yanaşı, eyni zamanda, onların yekunda daha çox pensiya almasına şərait yaradır”, deyə o bildirib.

İdarə rəisi həmçinin qeyd edib ki, qanun layihələrində gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətdə olmanın son yaş həddinin 45-dən 48-ə çatdırılması təklifi öz əksini tapır. Yeni islahatın tərkib hissəsi kimi, hərbi qulluqçuların pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması da nəzərdə tutulub.

Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçuların təminat xərcliyinin 60 faizini pensiya kimi alması, lakin yeni layihələr qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqları, bununla da pensiya təminatında hər hansı azalmanın olmayacağı qeyd edilib.

Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da həmin dövrün hər ili üçün 1 faiz əlavə hesablanması da layihədə nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ