“Ziya Kazımova cəza verilməsini istəmirik” - “Tərtər işi”

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.

B.Orucov, Z.Kazımov və Ü.Rəşidovun vəkilləri məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Generalın vəkili Elvin Rzayev çıxışında müvəkkilinin Aprel döyüşlərində uğurlu xidmətlərinin olduğunu, buna görə general rütbəsinə layiq görüldüyünü qeyd edib.

Təqsirləndirilən polkovnik-leytenant Ziya Kazımov hazırda xidmətini davam etdirir. Onun vəkili Bəhruz Bayramov deyib ki, Z.Bayramovun verilmiş ittihamla əlaqəsi yoxdur: “O, vətənini-xalqını sevən zabitdir. Bundan başqa həm İkinci Qarabağ müharibəsində, həm son antiterror tədbirlərində əzmlə iştirak edib”.

Vəkilin çıxışından sonra zərərçəkmiş şəxslər də Ziya Kazımovun mühakiməsinə etiraz ediblər.

“Prokuror Ziya Kazımova 12 il 6 ay həbs cəzası tələb edib. O, işgəncələrdə iştirak etməyib. Bundan başqa, Azərbaycan torpaqlarının işğaldan azad edilməsində onun müstəsna xidmətləri var. İstər 44 günlük müharibədə, istərsə də son antiterror tədbirlərində onun elədikləri hamıya məlumdur. Biz, ümumiyyətlə, ona cəza verilməsini istəmirik” , -zərərçəkmiş Zaur Əliyev deyib.

Digər zərərçəkmişlər də Zaur Əliyevin Z.Kazımovla bağlı dediklərini dəstəkləyiblər.

Növbəti proses noyabrın 2-nə təyin edilib. Həmin gün İntiqam Məmmədov və Rahib Məmmədovun vəkilləri çıxış edəcək.

Qeyd edək ki, prokuror Bəkir Orucov və  Ziya Kazımova 12 il 6 ay, Ülvi Rəşidov və İntiqam Məmmədova 10 il 6 ay, Rahib Məmmədova 8 il 6 ay həbs cəzası tələb edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ