“Bütün pulları Nəcməddin Sadıkova vermişəm” - məhkəmə

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

İttihamda deyilir ki, təqsirləndirilən M.Qurbanov vəzifədə olduğu 2015-2019-cu illərdə silahlı qüvvələri keyfiyyətli mallarla təmin etmək əvəzinə Maliyyə idarəsinin rəisi Nizami Məmmədov və digərləri ilə cinayətkar əlaqəyə girərək dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini mənimsəyib. Belə ki, 4 il ərzində dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitləri birbaşa nazirliyin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırığı ilə razılaşdırılmış şirkətlərə köçürülüb. Şirkətlərlə bağlanmış müqaviləyə əsasən alınacaq malların dəyəri süni şəkildə şişirdilərək dövlət vəsaiti qəsdən talanıb.

Alınan malların əksər hissəsini qida məhsulları təşkil edir. Məsələn, keçmiş Baş Qərargah rəisinin tapşırığı ilə balıq məhsullarının alışı zamanı qiymətlərinin şişirdilməsi nəticəsində 400 min manat mənimsənilib. Bundan başqa, avtomobil və gəmi ehtiyat hissələrinin, kompüterlərin alınması zamanı məhsulları qiymətindən baha rəsmiləşdirilməklə külli miqdarda mənimsəməyə yol verilib.

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs tərəfindən işlədiyi 4 il ərzində ümumilikdə 542 min 438 manat mənimsəmə faktı aşkar edilib.

M. Qurbanov verilmiş ittihama münasibətdə özünü qismən təqsirli bildiyini deyib:

“Nə tapşırıq verilibsə, onu icra etmişəm. Vəzifəm o idi ki, büdcədən ayrılan pullar hesabına hərbi hissələrdən gələn sifarişləri yerinə yetirim. Mənə münasibətdə nə qədər mənimsəmə aşkar edilibsə, onu da tam ödəmişəm. Buna görə də özümü qismən təqsirli sayıram”.

Təqsirləndirilən polkovnik dövlət ittihamçısının sualını cavablandırarkən alınan mallarda qiymətlərin süni şəkildə artırıldığını etiraf edib.

Prokuroru maraqlandıran əsas məsələlərdən biri qiymətlərin şişirdilməsi nəticəsində əldə olunan pulların kimə çatması olub. M. Qurbanov qanunsuz yolla əldə edilən pulların eks-Baş Qərargah rəisi Nəcməddin Sadıkova çatdığını deyib:

“Bütün pullar Nəcməddin Sadıkova çatdırılıb. Hara nə ödənilməsini Baş Qərargah rəisi özü müəyyən edirdi. Şirkətlərə verilən hər sifarişdən 15 faiz pul bizə qayıdırdı. Qayıdan 20 milyon manat pulun hamısını qəbul otağında N.Sadıkova vermişəm”.

Məhkəmə heyətinə daxil olan hakim Fikrət Əliyevin “siz bilirdiz ki, qanunsuz iş görürrsüz, bəs niyə əmrləri icra etmisiz” sualına təqsirləndirilən şəxs “mən hərbçiyəm, nə əmr verilsə, onu icra etməliyəm” deyə cavab verib.

Prosesin davamında Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsində mühasib işləyən Ziyafət Həsənov şahid qismində ifadə vermək üçün zala dəvət edilib.

Polkovnik-leytenant rütbəsi daşıyan Z.Həsənov 2016-cı ildən bu günə kimi sözügedən vəzifədə işləyir. Şahid, həmçinin qiymətlərin müəyyən edilməsi üzrə Ehtimal komissiyasının üzvüdür.

Ziyafət Həsənov verilən bütün suallara “bilmirəm”, “xəbərim olmayıb” kimi cavablar verib:

“Mənə aktlar veriblər, qol çəkib təhvil vermişəm. Vəssalam. Tibb xidməti üzrə işlədiyimə görə digər şeylərdən xəbərsizəm. Aktda nə yazılıbsa, məlumatım olmayıb”.

Şahidin sualları cavablandırmaqdan yayınması hakim Rafiq Abbasovu özündən çıxarıb:

“Danışığınızdan elə fikir yaranır ki, siz heç nazirliyə getməmisiz. Elə sizin dildə desək, bundan “otkat” alıb o birinə vermisiz. İndi gəlmisiz bura, heç nə demirsiz”.

“Heç bilmirdim, məni komissiyaya salıblar. Heç nədən xəbərim olmayıb. Ancaq sənədlərə qol çəkmişəm, ayın sonu da əməkhaqqımı almışam”.

Proses oktyabrın 6-da şahid ifadələri ilə davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Təhkükəsizliyi Xidməti 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.

Əməliyyat tədbirləri ilə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov və digərləri həbs edilib.

İş üzrə ittiham olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ