Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikasının Kornidzor/Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika cəmləşdirir.
Görüntüləri Caliber.az saytı yayıb.
Texniki müşahidə vasitəsi ilə lentə alınan videoda Ermənistan ordusuna məxsus qoşquda artilleriya qurğuları olan dörd “KamAZ” markalı hərbi maşının və döyüş sursatı olan iki “KamAZ” markalı avtomobilin kolon formasında hərəkəti aydın görünür.
Maraqlıdır ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribat törətməsinə qədər analoji hərəkətlər müşahidə olunub.
Bütün bunlar Ermənistanın Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmağa cəhd etməklə faktiki olaraq danışıqlar prosesindən çıxması fonunda baş verir. Ermənistan hakimiyyətinin beynəlxalq tərəfdaşları üçün sərhəddə yeni qanlı “şou” hazırladığını istisna etmək olmaz.
Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində də Rusiya sülhməramlılarının “çətiri” altında erməni quldur dəstələrinin fəaliyyəti qeydə alınmaqda davam edir.
Kadrlardan göründüyü kimi, avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli transportyorunun müşayiəti ilə erməni quldur dəstələrinin döyüş postlarına dəstək texnikasının ötürülməsi qeydə alınıb.
Qeyd edək ki, dünən, avqustun 12-də Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun Xocavənd rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.