Xəbər verdiyimiz kimi, iyulun 10-da Bakıda terror aktı törətməyə hazırlaşan 33 yaşlı Favzan Musa Xan (Fawzan Mosa Khan) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq məqsədilə üçüncü ölkənin Bakıdakı səfirliyinə terror aktı planlaşdırmaqda şübhəli bilinir. DTX-nin rəsmi məlumatında hansı səfirliyin hədəf alındığı açıqlanmayıb.
İsrailin “i24 news” telekanalı iddia edir ki, terrorçunun hədəfi İsrailin Bakıdakı səfirliyi olub. Yayılan əməliyyat görüntülərində terrora cəhd edən şəxsin İsrail səfiriyi ətrafında həbs olunduğu əks olunur.
Müəllifin sözlərinə görə, işin hər tərəfində İran barmaq izləri var, sanki Tehran bu işdə iştirakının heç bir izini gizlətmək istəmirdi:
“İranın birbaşa iştirakını göstərən ipucu Xanın Əfqanıstan vətəndaşı olmasıdır. Minlərlə əfqan İran İnqilabı Keşikçiləri Korpusunun dəstəklədiyi “Fatimiyyun” hərbi birləşməsinə cəlb edilməklə Suriya və Livanda İranın əsas proksi qüvvəsi kimi müxtəlif tapşırıqları yerinə yetirib. “İşə qəbul” edilənlər əsasən miqrant statusuna görə iqtisadi məhrumiyyətlər yaşayan və dini fanatizmə meyilli insanlar olur”.
Müəllif yazıda Bakıda israillilərə hücum etmək cəhdlərinin hamısının Tehran və ya İran İnqilab Keşikçiləri tərəfindən planlaşdırıldığını bildirir: “ 2007-ci ildə İsrailin Bakıdakı səfirliyinə və Azərbaycanın şimalında Rusiyanın icarəyə götürdüyü Qəbələ Radiolokasiya Stansiyasına (RLS) hücum planlaşdırdıqlarına görə 12 ildən 15 ilədək həbs cəzası alan şəxslər də İranın təlimatlandırdığı Livan vətəndaşları olublar. Onların Livanın Hizbullah terror qruplaşması və SEPAH ilə əlaqəsi var idi.
Eyni zamanda, 2012-ci ildə Bakıda işləyən israillilərə və digər əcnəbilərə qarşı hücumlar törətmək üçün silah və partlayıcı maddələr gətirən daha üç terrorçu həbs edilib. Onlardan biri İran vətəndaşı idi”.