Son zamanlar Rusiyada azərbaycanlılarla bağlı baş verən hadisələr, medianın gündəmində yer alan İran-Azərbaycan sərhəddindəki toqquşmalar cəmiyyətdə fərqli fikirlərin formalaşmasına səbəb olub. Hətta bu hadisələrin bir-biri ilə bağlı olduğu, təsadüfən deyil, Azərbaycana qarşı təzyiq xarakteri daşıdığı barədə iddialar irəli sürülür.
Cəmiyyətdə yayılan bu informasiyalara Milli Məclisin deputatları da laqeyd qalmadı.
Rasim Musabəyov Modern.az-a açıqlamasında vurğulayıb ki, Rusiya və İranla baş verən iki hadisə arasında bağlılıq olduğunu düşünmür. Deputatın fikrincə, Rusiyanın daxilində baş verən, orada yaşayan azərbaycanlılara təsir edən hadisələr bu dövlətin öz daxili məsələləridir:
“Rusiya hazırda qarışıq durumdadır, sanksiyalar altındadır. İndiyə qədər miqrantların çalışdığı bazarlar vasitəsilə xaricə külli miqdarda vəsait çıxarılırdı. Ona görə, Rusiya bazarlarında araşdırılma aparılması və digər bu kimi addımları Azərbaycana təzyiq kimi qəbul etmək düzgün deyil.
Azərbaycanlı olan, orada çalışan kütləyə qarşı da Rusiya dövlətinin hər hansı xüsusi təzyiqi yoxdur. Ayrı-ayrı iş adamları isə artıq uzun illərdir Rusiya vətəndaşlığını qəbul ediblər. Orada yaşayan iş adamlarımızın çoxu etnik cəhətdən dağ yəhudiləridir, Rusiya vətəndaşlarıdırlar. Azərbaycanda anadan olub, böyüdüklərinə görə, biz onları həmyerlimiz kimi qəbul edirik, amma onların əksəriyyəti Rusiyada yaşayır, orada biznes qurublar”.
İranla sərhəddə baş verənlərə də aydınlıq gətirən deputat xatırladıb ki, bu cür insidentlər mütəmadi yaşanır:
“Görünür, İran tərəfi sərhədlərimizi sınağa çəkir. Hesab edirəm ki, sərhədlərimizin etibarlı qorunması ilə bağlı tədbirləri gücləndirməliyik. İran vətəndaşları Azərbaycana qanunsuz soxulsalar, bunun cavabını aldıqları təqdirdə yenidən təxribata cəhd etməyəcəklər.
Ümumilikdə sadaladığımız hadisələrin arxasında dövlətlərarası münasibətlərə kölgə salacaq məqamların, hər hansı siyasi mesajların olduğunu düşünmürəm”.
Aydın Mirzəzadənin sözlərinə görə, İran və Rusiya ilə baş verən hadisələr eyni dövrə təsadüf etsə də, tamamilə bir-birindən fərqli məqamlardır:
“İran tərəfdən vaxtaşırı sərhədi pozaraq, Azərbaycana külli miqdarda narkotik vasitə və ya silah keçirmək istəyən şəxslər yaxalanır. Təəssüf ki, belə cəhdlərin qarşısı alınarkən bəzən itikilər də olur. Bütün bunlar göstərir ki, İran tərəfi ilə sərhədin onlar istiqamətindən daha yaxşı qorunması haqqında məsləhətləşmələrə ehtiyac var".
A.Mirzəzadə bildirib ki, Rusiya tərəfdən bazarlarda yoxlama aparılması sadəcə qanunsuz miqrasiyanın qarşısının alınması, pərakəndə satışın nizama salınması məqsədi güdürsə, heç bir iradımız ola bilməz.
Fərəc Quliyev isə düşünür ki, qeyd edilən epizodlar dövlətlərasrası münasibətlərdə çox kiçik elementlərdir.