Azərbaycan ordusunun yeni generalları kimlərdir? - foto

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib.

Bunlar Elmir İbrahimov, Arif Həsənov, İslam Əmirağayev, Bilal Çompuzov və İlqar Qafarovdur.

Buta.media “Qafqazinfo”ya istinadən general rütbəsini yeni alan zabitlər barədə bəzi məlumatları təqdim edir:

General-mayor Elmir İbrahimov əslən Sumqayıtdandır. Əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.

Arif Həsənov isə Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun rektorudur. General-mayor əslən Kəlbəcərdəndir.

İslam Əmirağayev də iki böyük savaş görüb, həm birinci, həm də ikinci Qarabağ müharibəsi iştirakçısıdır.

Vətən müharibəsində iştirakına görə 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Artilleriya sahəsi üzrə peşəkar zabitlərdəndir.

İlqar Qafarov isə Göyçaydandır. O, Əli Əfəndi adına Bığır kənd 1 nömrəli tam orta məktəbin məzunudur.

Bilal Çompuzov isə hərbi birlik komandirinin müavinidir. Əslən Balakəndən olan general Çompuzov Vətən müharibəsi iştirakçısıdır. O döyüşlərin gedişində yaralansa da, sonadək vuruşub.

Müharibədə göstərdiyi şücaətə görə, “Vətən uğrunda”, Qubadlının, Xocavəndin, Laçının azad olunmasına görə medallarına və “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ