Laçında hərbçimizə bu yerdə atəş açılıb - Video

İyunun 15-i saat 08 radələrində Ermənistanın Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açıb, nəticədə 1 nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

Bu haqda Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək cinayətin izləri rəsmiləşdirilib, maddi sübutlar götürülüb.

Müəyyən edilib ki, Ermənistan Silahlı Qüvvələrinin qeyd edilən cinayət əməlləri nəzarət məntəqəsinə ziyan vurub və həmin təxribat nəticəsində postun iş rejimi pozulub.

Zərərçəkmiş Elşən Rüstəmov dərhal helikopterlə tibb müəssisəsinə təxliyə olunaraq əməliyyat edilib və tibbi ekspertizadan keçirilib, vəziyyəti stabilləşdikdən sonra dindirilməsi təmin olunacaqdır.

Cinayət işi üzrə götürülmüş maddi sübutlarla bağlı məhkəmə trosoloji-kriminalistik və digər ekspertizalar təyin olunub.

Hazırda iş üzrə hadisənin şahidləri və digər zərərçəkmişlərin dindirilməsi, həmçinin zəruri olan təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması istiqamətində intensiv işlər davam etdirilir.

Baş Prokurorluq olaraq bəyan edirik ki, hadisə yeri Azərbaycanın Laçın rayonunun Güləbird kəndinin ərazisi olmaqla Azərbaycan istisnasız suveren ərazisidir, təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirlərin görülməsi təmin olunacaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ