Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Yasamal rayonunda piyadalar üçün nəzərdə tutulmuş səkidə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslə polis əməkdaşı arasında münaqişəni əks etdirən görüntülər paylaşılıb.
DİN Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, ilkin araşdırmalarla müəyyən edilib ki, əvvəlcə polis əməkdaşı qanunsuz küçə ticarəti ilə məşğul olan vətəndaş Vüqar Əzizovdan bu hərəkətlərinə son qoymağı tələb edib:
“Polisin qanuni tələbinə riayət etmək əvəzinə Vüqar Əzizov onu münaqişəyə təhrik edərək satdığı məhsulları ilk olaraq özü dağıdıb. Yalnız bundan sonra əsəblərinə hakim ola bilməyən polis əməkdaşı onun satdığı məhsulların qutusunu təpikləyib.
Baş vermiş insidientlə əlaqədar polis əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılaraq barəsində xidməti yoxlama başlanılıb.
Qanunsuz küçə ticarəti ilə məşğul olan vətəndaş Vüqar Əzizovun da əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır”.