BQXK Ermənistanda saxlanılan hərbçilərimizlə bağlı açıqlama verdi

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) iki azərbaycanlının məsələsi barədə məlumatlıdır”.

Bunu BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

“Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik və məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş cəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.

Onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - qurum rəsmisi qeyd edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.

Aprelin 13-də sosial şəbəkələrdə Hüseyn Axundovun Ermənistanda döyülməsi, işgəncələrə məruz qalmasını əks etdirən görüntülər yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ