ABŞ kəşfiyyatı Qarabağda yeni eskalasiya riski barədə

Amerikanın “Stratfor” özəl kəşfiyyat və analitik şirkəti hesab edir ki, Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyyatların bərpası, eləcə də İran və Azərbaycan arasında toqquşma ehtimalı azdır.

“Stratfor” analitikləri qeyd edirlər ki, Bakı ilə İrəvan arasında danışıqların dalana dirənmiş kimi görünməsi ilə Qarabağda və ya hələ delimitasiyası və demarkasiyası həyata keçirilməmiş Azərbaycan-Ermənistan sərhədində yüngül toqquşmalar baş verə bilər, “lakin Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi əməliyyatların başlaycağı ehtimalı azdır”.

“Danışıqlar dalana dirəndiyi halda, Azərbaycan Qarabağda taktiki cəhətdən əlverişli əraziləri azad etmək üçün kiçik miqyaslı hərəkətlərə və ya Ermənistan-Azərbaycan sərhədi boyunca oxşar taktikalara əl atacaq”, - ABŞ analitikləri yazır. “2020-ci ilin noyabrında atəşkəs sazişinin imzalanmasından sonra Bakı bu strategiyadan dəfələrlə faydalanıb, diplomatik irəliləyiş əldə edib və eyni zamanda təsir rıçaqlarını artırıb”.

Lakin “Stratfor” analitiklərinin fikrincə, Azərbaycanın hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan və ya Zəngəzurdakı əraziləri ələ keçirmək üçün genişmiqyaslı əməliyyatlara başlamayacaq. Ekspertlər hesab edirlər ki, Bakı “daha ​​az xərc tələb edən üsullarla” məqsədlərinə çatmağa doğru gedir.

“Stratfor” analitikləri yazırlar ki, Bakı “böyük ehtimalla öz xeyrinə olan sülh sazişini lazımsız şəkildə təhlükə altına atmaqda” az maraqlıdır.

Onlar həmçinin son vaxtlar münasibətləri pisləşən İranla Azərbaycan arasında toqquşma baş verə biləcəyinə də inanmırlar.

Qeyd edək ki, “Stratfor” ABŞ-ın özəl kəşfiyyat və analitik şirkətidir, bəzən “MKİ kölgəsi” adlandırılır. Şirkət dünyada baş verən hadisələr haqqında məlumatların toplanması və təhlili ilə məşğuldur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ