Azərbaycan ordusunun Zəngəzurda əməliyyatının təfərrüatı - foto + video

Martın 30-da Azərbaycan Müdafiə Nazirliyi yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürdüyünü açıqlayıb.

Haqqin.az xəbər verir ki, bu əməliyyatın təfərrüatları daha sonra məlum olub. Azərbaycan ordusunun bir neçə kilometr torpaq yolu nəzarətə alması faktı heç də tərəflər arasında yeni gərginliyin yaranması demək deyil. Belə ki, Zabux kəndindən keçən və Ermənistanın Tex kəndi ilə birləşən torpaq yolun bu hissəsi 2022-ci ilin avqustunda yeni Laçın yolu istifadəyə verildikdən sonra müvəqqəti olaraq ermənilərin ixtiyarına verilmişdi. Eyni zamanda razılaşdırılıb ki, Ermənistan bu yoldan yalnız 2023-cü il aprelin 1-dək istifadə edə bilər. Bu isə o deməkdir ki, ermənilər bu gündən başlayaraq yeni Laçın yoluna çıxmaq üçün hazırda Ermənistan ərazisində çəkilən Teh-Kornidzor yolundan istifadə edəcəklər.

Bununla da, Azərbaycan ordusu yeni Laçın yolunun şimal və cənub hissələri ilə yanaşı, Ermənistanla sərhəddə “Laçın dəhlizi”nin beş kilometrlik zonasına birləşən hissəsinə də vizual nəzarət edəcək.

Bir gün əvvəl Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan Azərbaycan ordusunun yuxarıda qeyd olunan əməliyyatının ötən ilin avqustunda Ermənistan tərəfi ilə əldə edilmiş razılaşmanın müddətinin başa çatması ilə bağlı olduğunu təsdiqləyib. Paşinyanın sözlərinə görə, Ermənistan artıq bu əraziyə öz sərhəd qoşunlarını yerləşdirib.

Lakin həmin gün axşam saatlarında Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb ki, Azərbaycan ordusu beş istiqamətdə 200-300 metr irəliləyərək Tex kəndi yaxınlığında yeni mövqelər tutub.

Məlumatda qeyd olunub ki, bu zonada dövlət sərhədinin haradan keçməsi ilə bağlı fikir ayrılıqları yaranıb. Və hər iki tərəf bu məsələni kartoqrafların iştirakı ilə həll etməyə razılaşsa da, Azərbaycan ordusu artıq yeni mövqelərdə istehkam işlərinə başlayıb.

İrəvanda dərc edilən “Hraparak” qəzeti yazır ki, Azərbaycan ordusu əvvəlki mövqelərindən bir neçə kilometr irəliləyərək Tex kəndi yaxınlığındakı hakim yüksəkliklərdə möhkəmlənib. Sosial şəbəkələrin erməni seqmentində bu günlərdə Azərbaycan hərbçilərinin yeni mövqelərini möhkəmləndirdiyi video kadrlar yayılır.

“Məsələ ondadır ki, Ermənistan və Azərbaycan hakimiyyətləri razılaşıblar ki, Ermənistanı Qarabağla birləşdirən alternativ yol bu il aprelin 1-dən işə salınsın, Qarabağdan Ermənistana gedən yol isə yalnız Kornidzordan keçsin, daha əvvəl Tex kəndindən keçirdi, - “Hraparak” yazır . - Bu da o deməkdir ki, dəhliz və beş kilometrlik bufer zonası da, Tex kəndindən Kornidzora köçürülməlidir. Faktiki olaraq, Azərbaycan iki gün əvvəl  Tex kəndinin həmin beş kilometrlik hissəsində öz qoşunlarının yerləşdirilməsi üzrə işlərə başlayıb. Ermənistanı Qarabağla birləşdirən marşrutun dəyişdirilməsinin vaxtını bilən Ermənistan hakimiyyəti ən azı bu əraziyə ordunu və ya Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarını vaxtında yerləşdirməyə borclu idi ki, Azərbaycan Silahlı Qüvvələri bu ərazilərdə əlverişli yüksəklikləri ələ keçirə bilməsin. Əvəzində Ermənistan hakimiyyətinin cinayətkar hərəkətsizliyi nəticəsində Azərbaycan bu zonanı nəzarətə aldı. İndi isə Ermənistan ərazisi hesabına neytral mövqelərarası məkan formalaşacaq”, - “Hraparak” qeyd edir.

Kifayət qədər paradoksal vəziyyət yaranıb: Azərbaycan ordusu heç bir sərhədi pozmasa da, onun hakim yüksəkliklərində görünməsi Ermənistanda “yeni ərazi itkiləri”nə görə məsuliyyət daşıyan Paşinyan hökumətinə qarşı ittihamlar dalğasına səbəb olub.

Ermənistanın baş naziri Nikol Paşinyan

Nədənsə, Ermənistan ictimaiyyətinin neytral zonada qalan əraziləri “itirilmiş” sayması heç kəsi utandırmadı. Bununla belə, ermənilər bütün iddia və şikayətləri özlərində saxlaya bilirlər - qonşu dövlətin sərhədini pozmadan strateji əhəmiyyətli yüksəkliklərə nəzarəti ələ keçirməyə nail olan Azərbaycan ordusunun peşəkar fəaliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrinin hərbi hissələri Laçın rayonu ərazisinin bir hissəsinə vizual nəzarəti itiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ