Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Nazirlikdən verilən məlumata görə, müşavirədə Azərbaycan-Ermənistan şərti dövlət sərhədi boyu və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti ətraflı təhlil edilib. Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımaları və canlı qüvvənin rotasiyasını həyata keçirməsinin yolverilməz olduğu bildirilib.
Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsi bundan sonra da davam etdirilməlidir. Ordumuz bölgədə süni gərginlik yaratmağa çalışan Ermənistanın ehtimal edilən təhdidlərinə qarşı preventiv tədbirlər görməli və zərurət yarandıqda adekvat cavab verməlidir. Bildirilib ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq üçün qəti zəruri addımlar atacaq.
General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib. Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətin sayıqlığının daha da artırılması barədə konkret tapşırıqlar verilib.
Sonda azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı tədbirlərinin intensivliyinin artırılması barədə aidiyyəti üzrə müvafiq göstərişlər verilib.