Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmış Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, polkovnik Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi, polkovnik Şükür Səfərov barəsindəki cinayət işinə xitam verilib.
APA xəbər verir ki, ittiham olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödəyiblər. Bu əsasla onların barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və azadlığa buraxılıblar.
Qeyd edək ki, polkovniklər - Rəşad Babayev və Şükür Səfərov DTX tərəfindən ötən ilin iyulunda keçirilən əməliyyatla həbs olunmuşdular. Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdi.