Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında fərman imzalayıb.
Fərman Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq təşkilatlarla və xarici ölkələrin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə əməkdaşlığının səmərəliliyinin artırılması məqsədilə imzalanıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini Xidmətin təsdiq edilmiş ştat sayı çərçivəsində təyin etmək səlahiyyəti verilib.