Martın 12-də saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığında İrandan Azərbaycan istiqamətinə hərəkət edən altı nəfər silahlı naməlum şəxslər müşahidə olunub.
Bu barədə DSX məlumat yayıb.
Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar.
Sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb.
Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı dörd ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verib.
Qeyd edək ki, martın 10-da da Azərbaycan-İran sərhədində atışma olmuşdu. Hadisə zamanı hərbçimiz həlak olmuşdu.