Polislərə “sizi reklam edim, siz də görün” deyən qadına cavab - video

Bakıda yol polisi ilə sürücü arasında insident yaranıb. Yaranan mübahisənin videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, xanım sürücü idarə etdiyi nəqliyyat vasitəsində təhlükəsizlik kəmərini taxmadığı üçün DYP əməkdaşları tərəfindən qanuni formada saxlanılıb. Lakin o, yol polisi əməkdaşlarının təhlükəsizlik kəmərini taxmayan sürücülər arasında ayrı-seçkilik qoyduqlarını iddia edərək, bu qanun pozuntusuna obyektiv nəzarət edə bilmədikləri ilə ittiham edib.

Mübahisə anını mobil telefonu ilə lentə alan sürücü DYP əməkdaşlarının xidməti avtomobildən düşmələrini tələb edib:

“Mən hörmətsizlik etmirəm, hamı kəmərsiz sürür, maşınını niyə saxlamırsınız? Kəmər taxmamışam, yazın cəriməmi. Yol polisisiniz, düşün aşağı, kəmər taxmayan hər kəsi saxlayın da, niyə saxlamırsınız? Bu videonu paylaşıb sizi “reklam” eləyim, siz də görün”.

Məsələ ilə bağlı Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlama verib. Onun sözlərinə görə, yol hərəkəti qaydasını pozub, daha sonra məsuliyyətdən yayınmağa çalışarkən xidmət aparan polis əməkdaşını videoya çəkməklə onu qanuni işindən yayındırmaq məqsədilə qanuni tələblərə və insani keyfiyyətlərə uyğun olmayan lüzumsuz müzakirələrə, qanun keşikçisini nüfuzdan salmağa hesablanmış addımlar atmaq yolverilməzdir:

“Görüntülərə baxan hər bir normal düşüncəli insan başa düşür ki, ortada qayda pozuntusu var və polis öz qanuni işini görür. Sürücü isə məsuliyyətdən yayınmağa cəhd edir. Çox təəssüf ki, kimlərsə qanunların, qaydaların olmasını, lakin həmin qaydaların özündən kənarda olmasını arzu edir. Bu düşüncə tərzi bizim sivil cəmiyyət olaraq inkişafımızı ləngidə və nəticədə nizam-intizamın, təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün görülən işlərə xələl gətirə bilər.

Bu videoda səslənən fikirlər qəbuledilməzdir. Yol hərəkəti iştirakçılarına tövsiyə edirik ki, qaydaları cərimə olunmamaq üçün deyil, həyat və sağlamlıqlarının təhlükəsizliyi üçün pozmasınlar. Hər kəs bir-birinə nümunə olsa, nə qayda pozulacaq, nə də bu və buna bənzər xoşagəlməz insidentlər yaşanacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ