Azərbaycan dilində səsi mətnə çevirən proqram istifadəyə verildi

Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanmış, süni intellekt əsasında işləyən onlayn proqram təminatı vasitəsilə səs və videonu ətnə çevirən proqram istifadəyə verilib.

Həmçinin mətni onlayn redaktə etmək mümkündür. Onlayn proqram təminatı kimi istifadəyə verilmiş xidmət vasitəsilə alınmış mətn MS Word, Text, həmçinin videolara alt yazı əlavə etməyə imkan verən SRT formatında endirilə bilər.

Avtomatik transkripsiya xidməti süni intellekt vasitəsilə bu sahədə insanları yorucu işdən azad edərək yaradıcı işə köklənmələrinə, qısa vaxt ərzində daha çox informasiya ilə işləmələrinə kömək edir.

Azərbaycan startapı Robotronics MMC-nin Voicedocs adlanan transkripsiya xidməti Trier Universiteti, Hannover Leybnits Universiteti, İstanbul Böyükşehir Belediyesi kimi Almaniya və Türkiyədə bir çox dövlət və özəl qurumlar, universitetlər tərəfindən istifadə olunur. 

Startap tərəfindən Azərbaycan dili üçün transkripsiya sisteminin yaradılması KOBİA tərəfindən verilmiş qrant layihəsi əsasında həyata keçirilmişdir. Sistemin yaradılması üçün aparılan elmi tədqiqatlara İdarəetmə Sistemləri İnstitutu da dəstək göstərmişdir.

Qeyd edək ki, sistemi voicedocs.com linkinə daxil olaraq yoxlamaq mümkündür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ